Thursday, December 22, 2005


"GÜNEY ASTARA ƏRDƏBİL ƏYALƏTİNƏ BİRLƏŞDİRİLMƏLİDİR"

İran Məclisi rəyasət hey'ətinin üzvü Həsən Noiəqdəm əhalinin bu tələbi haqda müsahibə verib

S. SƏDRƏDDİN

Ötən əsrin əvvəllərində Güney Azərbaycan'ın əraziləri bir əyaləti təşkil edirdi. Lakin sonrakı dövr ərzində Azərbaycan əraziləri bölük bölük edilmişdir. Sonuncu dəfə bu proses on il öncə baş verib. O zaman mərkəzi Təbriz olan Şərqi Azərbaycan əyalətindən Ərdəbil'i ayıraraq yeni bir inzibati ərazi bölgüsü yaratdılar. Bununla yanaşı, Azərbaycan'ın tarixi ərazilərini başqa əyalətlərə birləşdirdilər. Belə bir bölgü apararkən Tehran hakimiyyəti Azərbaycan Türklərinin milli-mənəvi və tarixi amillərini nəzərə almayıb. Əksinə, Türkləri başqa etnoslarla eyni əyalətdə yaşayaraq bir inzibati ərazi bölgüsünə tabe olmağa vadar edib. Bununla da həmin ərazilərdə Azərbaycan Türklərini milli azlıq kimi təqdim etməyə çalışıb. Əslində, belə bölgü daha çox Türklərin asimilyasiya olunmasına xidmət edir.

Bu məsələ Güney Azərbaycan'da çeşidli çevrələrdə müzakirə olunur. Hətta parlament üzvləri belə bu sayaq məsələləri açıq danışmaqdan çəkinmirlər. Azərbaycan Demokrat Firqəsi Araşdırmalar Mərkəzi'nin yaydığı xəbərə görə, Ərdəbil şəhəri, Nir və Nəmin rayonlarının deputatı Həsən Noiəqdəm bu haqda müsahibə verərək Güney Azərbaycan'ın Astara şəhərinin Ərdəbil əyalətinə birləşdirilməməsinə e'tiraz edib. O deyib: "Astara rayonu qədim zamanlardan bəri Ərdəbil'in bir hissəsi olub. Bir vaxtlar Astara'nın sakinləri problemlərini həll etmək məqsədi ilə Şərqi Azərbaycan əyalətinin mərkəzinə - Təbriz'ə gedərdilər. Yolun uzaqlığı, gediş-gəlişin çətinliyi, habelə əyalət mərkəzinə gedərkən çətin coğrafi şəraitə malik Heyran və Sayın gədiklərini keçmək problemi olduğu üçün bu problemi belə həll etdilər: Astara'nı tarixən bir hissəsi olduğu Ərdəbil əyalətinə deyil, Gilan əyalətinə birləşdirdilər. Halbuki Astara əhalisi özünün mədəni, adət-ənənə, dil, soy və ailə qohumluğu baxımından Ərdəbil'ə uyğundur.

Bundan başqa, Ərdəbil məsafə baxımından da Gilan əyalətinin mərkəzi olan Rəşt'dən Astara'ya daha yaxındır. Astara'dan Ərdəbil'ə 75 km, Rəşt'ə isə 220 km-dir. Buna görə də Astara'nın Ərdəbil'ə birləşdirilməsi tələbi ölkənin inzibati bölgüsü haqda qanunun 9, 10, 13-cü maddələrinə və əlavələrinə uyğundur. Bu istək həmin qanunun bütün tələblərinə cavab verir. Söylədiyim istək əhalinin tələbidir. Mən isə onların deputatı olduğumdan seçicilərimin haqlı istəyini müdafiə edirəm".

İran parlamenti rəyasət heyətinin üzvü olan Həsən Noiəqdəm bildirib ki, bu haqlı istəyə qarşı çıxan mütəxəssisləri və başqa maraqlı tərəfləri müzakirələrə dəvət edir: "Bizim sözümüz əhalinin qanuna uyğun haqlı istəyidir. Bundan daha düzgün məntiqi olan varsa, təqdim etsin. Bu qanuni istəyə qarşı çıxanlar öz təkliflərini irəli sürsün və məsələni mütəxəssiscəsinə araşdıraq. Odur ki bizim sözümüz, yə'ni Astara rayonunun Ərdəbil əyalətinə birləşdirilməsi istəyi şəxsi tələb deyil, əksinə, xalqın istəyi və qanunvericiliyə uyğundur".

0 Comments:

Post a Comment

<< Home