Saturday, May 07, 2005

Astaralı Xalq şairi Söhrab Tahir


DİLİM MƏNİM!

Astara'dan, Xalq şairi Söhrab Tahir

آستارالي خالق شاعيري: سؤهراب طاهير


İnqilabın dodaqları arasında
Alov saçan dilim mənim!
Azadlığın qapısını,
1920-də,
1946-da,
Tay-tay açan dilim mənim!

O qılıncın tiyəsinə,
O anamın nəğməsinə,
Bələklənib gülən dildir!

Qızılgülün,
Axar suyun,
Hər bir xalqın,
Hər bir dilin,
Öz dilini bilən dildir!

Mənə döyüş sənətini,
Öyrətmişdir o hər zaman.
Fizuli'nin, Səttarxan'ın
Ağzındakı dilə qurban,
Dilindəki dilə qurban!

O susarkən ayaqlanıb,
O vuruşub, parlaqlanıb,
Öz döyüşgən qüruruyla
Əbədiyyət olub dilim!
Qılıncların yarasından,

Mərmilərin qəlpəsindən, parasından,
Döyüş nişanı alıb dilim!

Ver dilimi, al canımı!
Mən ölmərəm dilim olsa!
Ver dilimi, tök qanımı!
Mən yaşaram dilim olsa!
Ver dilimi, al gözümü!
Mən görərəm dilim olsa!
Çünki tarix yazmamışdır,
Ölüm adlı söz dilimə!
Mən anamı, mən atamı, mən balamı-
Qurban verrəm öz dilimə!

Gərək qəzəb, gərək döyüş-
Nidasıyla dola dilim!
Başqasının əlində yox,-
Öz ağzımda ola dilim!

Ancaq dilim qadağandır-
Öz yurdumda bilən mənim!
Ağzımdakı halqa-halqa
Şaqqıldayan zincirlərdir,
Dəmir olub, zincir olub dilim mənim!

0 Comments:

Post a Comment

<< Home